Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədov SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək Nürnberq Beynəlxalq Hərbi Tribunalında alman dili tərcüməçisi kimi iştirak etmişdir. O, həmin prosesdə iştirak edən yeganə azərbaycanlı olmuşdur.
Ələsgər Məmmədov Nürnberq prosesi haqqında müsahibələrindən birində bildirirdi ki, mühakiməyə 24 nəfər baş hərbi cani cəlb edilmişdi. Lakin müttəhimlər kürsüsündə yalnız 21 cani oturmuşdu. Baş canilərdən Qustav Krupp sağalmaz xəstə idi, Robert Ley özünü öldürmüş, Martin Borman isə yoxa çıxmışdı. Nürnberq Beynəlxalq Hərbi Tribunalı 1945-ci il noyabrın 20-dən 1946-cı ilin oktyabrın 1-nə kimi davam etmişdi. Məhkəmənin 403 açıq iclası olmuş, 116 şahid və 143 yazılı ifadə dinlənilmiş, 200 mindən artıq sənəd araşdırılmışdı.
Cinayətlərin törədilməsində baş canilərlə yanaşı, Nasist Partiyası, ali dövlət orqanları, eses dəstələri, ordu, gənc hitlerçilər təşkilatı və b. günahlandırıldı. Onlara qarşı ittihamlar tutarlı faktlarla sübut edildi. Baş hərbi canilər haqqında hökm 1946-cı il 30 sentyabrdan 1 oktyabra keçən gecə elan olundu. Canilər bir-bir çağrılır və hökmü dinləyirdilər.

